Niyə İran Fələstinə yox, Qəzzaya yardım edir? | Mübariz Əhmədoğlunun şərhi

   Niyə İran Fələstinə yox, Qəzzaya yardım edir?    | Mübariz Əhmədoğlunun şərhi
  16 May 2024    Oxunub:1461
İranın Azərbaycana qarşı total mübarizəsində son günlər spesifik aktivlik müşahidə olunur. Konkret səbəb bəlli deyil. Azərbaycanın davranışında, İranla münasibətində yeni bir şey yoxdur. Azərbaycan XİN-in İsraili müstəqillik günü münasibətilə təbrik etməsi formallıqdır. Ona qalsa, İranın XİN-i də bir neçə dəfə iki ölkə prezidentlərinin sərhəddə birgə açılış edəcəklərini vəd verib, amma alınmayıb. İndi biz də buna görə İranın pis niyyətli olduğunu düşünməliyik?!
İranın Azərbaycan mövzusunda xoflanmasının səbəbi nə ola bilər? 44 günlük müharibədən sonra Azərbaycana qarşı alət kimi ermənilər İranın əlindən çıxıb. Bu, İranı narahat edə bilər. Geniş mənada isə son günlər İrana qlobal təzyiqlər artmaqdadır:

• İran hakimiyyəti xalqını ac saxlayaraq, silah toplamışdı. Həmin silahlar İsrailə hücum zamanı effektsiz oldu. Ola bilər, bunun kinini nəyə görəsə Azərbaycana yönəldir:
• ABŞ İrandan raket və dronlarını məhv etməyi tələb edir. Çin, Rusiya və ərəb dövlətləri də bu mövqedədirlər. Deyəsən, İran Azərbaycanı da bu siyahıda görür;
• İran Çabahar limanını Hindistana satdı. Bu, Çin və Pakistanın İrana münasibətini sərtləşdirəcək.

İranın siyasətində ən böyük ziddiyyət Fələstin mövzusundadır. İran İslam Respublikasının qurucusu Seyid Ruhulla Musəvi Xomeyni Fələstini İran və İslam dünyası üçün bir nömrəli məsələ sayırdı. Ölkənin indiki rəhbərliyi isə Fələstini məhv etmək kursunu yürüdür. Qəzza və Fələstin ayrı-ayrı coğrafi və etno-dini-psixoloji proseslərin cövlan etdiyi məkanlardır. İran Mahmud Abbas hökumətini tanımır. HƏMAS ABŞ və İsraillə dialoqa razılaşdı, amma Mahmud Abbas hökuməti ilə dialoqa getmədi.


Fələstin dövləti formal olaraq mövcuddur: atributları var, amma iqtisadiyyatı, ordusu yoxdur. Fələstinin büdcəsi orta hesabla 4 milyard dollardır. Dörd milyard dolların yarısını ABŞ, Aİ və İsrail ödəyir. Qalanında Qətər daxil olmaqla bəzi ərəb dövlətlərinin yardımlarının böyük payı var. Fələstin dövlətinin dirçəlməsi, inkişafı və hərbi faktora çevrilməsi vacib olduğu halda, İranın Qəzza sektorunu gücləndirmək üçün milyardlarla dollar xərcləməsi tamamilə ayrı məqsəd daşıyır.

Qəzza heç zaman dövlət ola, bütövlükdə Fələstinə sahiblik edə bilməz. Resursu yoxdur. İran bunu bilir. Sual çıxır: İranın Qəzzada müharibəni başladıb, yerli əhalini qırdırmaqda məqsədi nədir? Netanyahunun hakimiyyətdən getməsi. Bundan ötrü şəhərlər xaraba qalıb, 37 min adam həlak olub. İndi İran müharibəni dayandırması üçün ABŞ-a yalvarır. Tehran ancaq ara qarışdırmağı bacarır. İraq Kürdüstanına raket zərbələrini yada salaq.

İranın İsrailə raket-dron hücumundan sonra:
• ABŞ Yaxın Şərqdə yenidən güclənir;
• Çin gerilədi, amma maraqlarını gücləndirmək imkanı var.

İranın iştirakı ilə Rusiya Yaxın Şərqdəki proseslərdən uzaqlaşdırıldı. Amma qayıdacağı birmənalıdır. Rusiya qarışıq hamı İranı gördülər və tanıdılar.

İran yaxın gələcəkdə regionun sıravi dövlətlərindən birinə çevriləcək. Sadəcə ərazi və əhalidən ibarət qurum olacaq. Heç bir regional və geosiyasi ambisiya ortalığa qoya bilməyəcək. İran üçün ən böyük problemlər hələ qabaqdadır.

Mübariz Əhmədoğlu
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin direktoru
AzVision.az üçün


Teqlər: İran   Qəzza   İsrail  





Xəbər lenti